XƏBƏRLƏR
-
“Yasamal” İSK-2, “Star karqo”, “Star karqo-2”, “Atletiko Baku” və “Red Line”....
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində daha 5 matç baş tutdu. Günün birinci dueli maraqlı alındı. İlk oyunda minimalhesablı qələbə qazanan “Baku Fire-3” cavab qarşılaşmasında da hesabı açan tərəf oldu. Ancaq fasiləyə qədər status-kvonu bərpa edən meydan sahibləri ikinci hissədə hesabda önə keçdi. Növbəti dəqiqələrdə qollarının sayını artıran “gənclər” növbəti mərhələyə yüksələn tərəf oldu. “Star karqo” – “Zülfüqar” dueli isə komandaların qarşılıqlı qolları ilə davam etdir. Hər dəfə “Star karqo” hesabda önə keçməklə mərhələ adlamağa yaxın olsa da, rəqib qarşılıq verməklə duelin yekununu xeyrinə dəyişirdi. Ancaq Mahir Əliyevin son dəqiqədəki qolu cütün taleyini həll etdi. İki oyunun ümumi nəticəsində bərabərlik qeydə alınsa da, Birinci Liqa təmsilçisi ilk oyun zamanı rəqib meydanında daha çox fərqləndiyinə görə mübarizəni davam etdirən tərəf oldu.
“Atletiko Baku” ikinci oyunu da qalib başa vurdu. Zaur Səmədovun drujinası bu dəfə böyükhesablı qələbə ilə 1/16 finalın qapısını açdı. “Star karqo-2” isə cütün taleyini demək olar, birinci oyunda həll etmişdi. Cavab matçında da rəqibini üstələyən İkinci Liqa təmsilçisi növbəti mərhələyə vəsiqə qazandı.
“Red Line” isə bir həftə əvvəlki matçda 15:1 hesabı ilə qələbə qazandığına görə, cavab görüşünü formallığa çevirmişdi. Bununla belə, Vladislav Ledyayevin komandası yenə qələbə qazanmağı bacardı.
Beləliklə, “Yasamal” İSK-2, “Star karqo”, “Star karqo-2”, “Atletiko Baku” və “Red Line” 1/16 finalda iştirak edəcək.
-
“Minimum tapşırıq pley-off mərhələsinə vəsiqə qazanmaqdır”
Dünya çempionatının elit-raund mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandasının bu gün mətbuat üçün açıq məşqi, məşqdən əvvəl isə baş məşqçi Joze Alesio Da Silvanın və kapitan Rizvan Fərzəliyevin brifinqi keçirilib.
-
Millinin mətbuat üçün açıq məşqi (fotoreportaj)
-
DÇ-2020-nin loqosu təqdim olunub
2020-ci il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək dünya çempionatının loqosunun təqdimat mərasimi olub.
-
Daha dörd 1/16 finalçı müəyyənləşdi
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində 4 görüş baş tutub. “Yurd” MFK ilk oyunda olduğu kimi, dueli yenə qalib başa vurub. İkinci Liqa təmsilçisi bu dəfə daha çox qol vurub. Növbəti oyunda “Baku Fire-2” qələbə qazanıb. İlk matçda 2:5 hesabı ilə məğlub olan Teymur Eyvazovun yetirmələri bu dəfə 6:3 hesabı ilə qalib gəlib. Amma səfərdə daha çox rəqib qapısına yol tapan “Hövsan” komandası mərhələ adlayan tərəf olub.
İlk oyunda qazandığı qələbə sayəsində böyük üstünlük əldə edən “Altay” budəfədə “Zirvə Bakı”ya şans tanımadı və 10 cavasız top vurmaqla gözlənildiyi kimi, mübarizəni davam etdirən tərəf oldu.
Günün son oyunu kifayət qədər maraqlı keçdi. İlk oyunda “Zirvə Bakı-2”nin minimalhesablı qələbəsi “Bakı Fans”ın şanslarını azaltmamışdı. Aqşin Ömərov isə 2 illik cəzasını başa vurduğundan keçmiş komandasının heyətində meydana çıxmışdı. Komanda yoldaşları kapitan sarğısını da təcrübəli futzalçıya həvalə etmişdi. Qarşılıqlı qolların müşayət olunduğu oyunda cütün taleyini Məmməd Hüseynəliyevin 28-ci dəqiqədə vurduğu qol həll etdi. Nəticədə cavab oyununda 2 top fərqi ilə qələbə qazanan “Baku Fans” mərhələni adlayan tərəf oldu.
-
Mətbuat üçün açıq məşq və brifinq keçiriləcək
Dünya çempionatının elit-raund mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandasının yanvarın 18-də, saat 12:00-da “Olimpik Star” İdman və Əyləncə Mərkəzinin futzal zalında mətbuat üçün açıq məşqi keçiriləcək. Məşqdən 15 dəqiqə əvvəl – saat 11:45-də baş məşqçi Joze Alesio Da Silvanın və kapitan Rizvan Fərzəliyevin iştirakı ilə brifinq təşkil olunacaq.
-
Azərbaycan – Özbəkistan: Statistika
Xəbər verdiyimiz kimi, DÇ-2020-nin elit-raund mərhələsinə hazırlaşan Azərbaycan milli komandası yanvarın 21-də və 22-də Bakı İdman Sarayında yoldaşlıq oyunları keçirəcək. Sparrin-rəqib isə Özbəkistan yığması olacaq. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.
Komandalar 9 dəfə üz-üzə gəlib. Bu oyunlardan 5-də millimiz, 1-də isə rəqib qələbə qazanıb. Üç dueldə “sülh” qeydə alınıb. Ən böyükhesablı nəticə son oyunda qeydə alınıb. 2016-cı il avqustun 16-da keçirilmiş oyunda millimiz 6:2 hesabı ilə qələbə qazanıb.
-
İlk 1/16 finalçı "Dalğa" oldu
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunlarına start verilib. Yeganə oyunda "Dalğa" "Ulduz"la qarşılaşıb. Görüş "Dalğa"nın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da 3:1 hesabı ilə qalib gələn "Dalğa" növbəti mərhələyə yüksəlib.