Nizamnamə


MADDƏ 1

ÜMUMİ MÜDDƏALAR

 

  • . “Azərbaycan Futzal Federasiyası” ictimai birliyi (bundan sonra - Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır. 
  • . Hazırkı Nizamnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra qüvvəyə minir. 
  • . Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları və bu Nizamnamə əsasında həyata keçirir. 

1.4. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 21.10.1998-ci il tarixində verilmiş “Azərbaycan Futzal Federasiyası”nın Dövlət qeydiyyatı haqqında 1062 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır.

1.5. Birliyin tam adı və qısaldılmış adı aşağıda göstərildiyi kimidir:

 

·        Azərbaycan dilində

“Azərbaycan Futzal Federasiyası” ictimai birliyi və qısaldılmış adı “AFF” İctimai Birliyi.

·        İngilis dilində

“Azerbaijan Futsal Federation” Public Union və qısadılmış adı “AFF” Public Union.

 

1.6.  Birliyin hüquqi ünvanı: Bakı şəhəri, Nobel prospekti 2208

 

MADDƏ 2

BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 

  • Birliyin fəaliyyətinin əsas məqsədi ölkə miqyasında futzalı inkişaf etdirməkdən ibarətdir. Birlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi icazə tələb edən fəaliyyət növləri üçün müvafiq dövlət orqanlarından icazə aldıqdan sonra öz məqsədlərinə çatmaq üçün aşağıdakı fəaliyyət növləri ilə məşğul olacaqdır:
    1. Ölkə ərazisində futzalı inkişaf etdirmək;
    2. Futzalın inkişaf proqramını işləyib hazırlamaq və həyata keçirmək;
    3. Müvafiq idman təşkilatlarında Azərbaycanı təmsil etmək;
    4. Beynəlxalq və ölkəmiqyaslı yarışlarda iştirak etmək üçün yığma komandaların yaradılması, formalaşdırılması və hazırlığının həyata keçirilməsində iştirak etmək;
    5. Futzal komandaları formalaşdırmaq və onların işinə rəhbərlik etmək;
    6. Bölgələrdə futzalı təbliğ etmək və futzalın inkişafı üçün öz imkanları çərçivəsində tədbirlər görmək;
    7. Futzalın inkişafı üçün ünvanlı tədbirlər həyata keçirmək;
    8. öz məqsəd və vəzifələrini maliyyələşdirmək üçün çoxşaxəli maliyyə imkanlarını təmin etmək;
    9. Futzal turnirlərində iştirakla bağlı AFFA və digər müvafiq qurumlarla münasibətlərindən öz öhdəliklərini vicdanla və vaxtında icra etmək;
    10. Peşəkar futzalçıların və idmanın bu növü üzrə yüksək ixtisaslı məşqçi, təlimatçı, hakim və digər idman kadrlarının hazırlığı sistemini yaratmaq və təkmilləşdirmək;
    11. Futzalın inkişafı sahəsində qazanılmış respublika və beynəlxalq idman təcrübəsini öyrənmək və ümumiləşdirmək;
    12. Bölgələrdə müvafiq federasiyalar və qurumların razılığı ilə futzal yarışları təşkil etmək;
    13. Futzalçıların daxili və xarici transferlərini həyata keçirmək;
    14. öz məqsədinə çatmaq üçün digər vəzifələri icra etmək. 
  • Birlik bu Nizamnamədə nəzərdə tutulan vəzifələri həyata keçirmək üçün:
    1. AFFA bayrağı altında keçirilən və beynəlxalq futzal turnirlərində iştirak edir;
    2. Azərbaycan Respublikasında futzalın təkmilləşdirilməsinə və inkişafına yönəldilmiş müsbət təcrübə və təşəbbüsləri öyrənir;
    3. kütləvi mühazirələr, nümunəvi çıxışlar, futzal üzrə yarışlar keçirir, ədəbiyyat, metodoloji vəsaitlər və idman məhsullarının sərgisini təşkil edir;
    4. Birliyi müvafiq idman təşkilatlarında təmsil edir;
    5. qanunvericiliyə uyğun qaydada Azərbaycan Respublikasında və xaricdə Birliyin fəaliyyəti ilə əlaqədar ofis, bina, qurğu və digər obyektləri icarəyə götürür;
    6. idman avadanlıqlarının, inventarlarının, geyimlərinin, atributlarının reklam olunmasını təşkil edir;
    7. daxil olduğu təşkilat və qurumların üzvlük haqlarını müntəzəm qaydada ödəyir;
    8. Azərbaycan Respublikasının və xarici dövlətlərin klub və təşkilatları ilə əməkdaşlıq edir. 
  • Birlik siyasət aparmır və ya siyasi fəaliyyətlə və ya qüvvədə olan qanuna uyğun olaraq ictimai təşkilatlar üçün qadağan edilən digər işlərlə məşğul olmur. Birlik dövlət orqanlarına öz fəaliyyəti barədə qanuna müvafiq şəkildə məlumat verir və dövlət tərəfindən onun fəaliyyəti üçün həyata keçirilən dəstəyi təqdir edir. 
  • Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətinə üzvlərinin reyestrinin aparılmasını təmin edir. 

 

MADDƏ 3

BİRLİYİN HÜQUQLARI 

  • Birlik aşağıdakı hüquqlara malikdir:
    1. öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək;
    2. fəaliyyəti barədə məlumatı yaymaq;
    3. banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
    4. müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
    5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən və yalnız Birliyin yaradılması məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq (belə fəaliyyət kimi Birliyin yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışı, habelə qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir.);
    6. hüquqi və fiziki şəxslərlə müqavilə və sazişlər bağlamaq;
    7. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu nizamnaməyə müvafiq olaraq, Birliyin vəsaiti və əmlakı üzərində sərəncam vermək;
    8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək. 

MADDƏ 4

BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ 

  • Birliyin mülkiyyətində avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
  • Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
  • Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
  1. təsisçilərin və ya Birliyin digər üzrlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
  2. idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri ianə və yardımlar;
  3. malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;
  4. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;
  5. öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
  6. qrantlar;
  7. mühazirə, sərgi, idman və digər tədbirlər və lotereyalardan gələn gəlirlər;
  8. qanunvericiliklə qadağan olunmamış başqa gəlirlər. 
  • Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
  • Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq, öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
  • Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
  • Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.
  • Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir. 

 

MADDƏ 5

BİRLİYİN TƏSİSÇİLƏRİ, ÜZVLƏRİ VƏ KÖMƏKÇİLƏRİ,

ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

  • Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.
  • Təsisçilər bərabər hüquqlara malikdir. Onların qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onlar arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.
  • Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) Birliyin üzvü ola bilər. Birliyə üzvlük fərdi və kollektiv ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.
  • Birliyə üzvlərin qəbulu və üzvlükdən azad edilməsi Birliyin İdarə Heyəti tərəfindən aparılır. İdarə Heyəti Birliyin üzvlüyünə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və yeni şəxslərin üzvlüyə qəbulundan imtina etmək hüququna malikdir.
  • Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
  • Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub, aşağıdakı hüquqlara malikdirlər:
  1. Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada Birliyin idarəçiliyində iştirak etmək;
  2. Birliyin hər hansı seçkili, o cümlədən, rəhbər orqanını seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
  3. Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
  4. Birliyin seçkili orqanlarının və vəzifəli şəxslərinin fəaliyyəti barədə məlumat almaq;
  5. Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
  6. Birliyin hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
  7. Birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində (Ümumi Yığıncaq) və məhkəməyə şikayət etmək. 
  • Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
  • Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
  1. Birliyə sadiq olmaq və Birliyin maraqlarına zidd olan hərəkətlərdən çəkinmək;
  2. Birliyin Nizamnaməsinə, direktivlərinə, qərarlarına, həmçinin əxlaq və peşə etikası normalarına əməl etmək;
  3. Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
  4. Birliyin tədbirlərində iştirak etmək. 
  • Birliyə üzvlük könüllülük əsasında aparılır.
  • Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
    1. könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
    2. Birliyin üzvlüyündən çıxarıldıqda. 
  • Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
    1. Birliyin nizamnaməsini, direktivlərini və ya qərarlarını pozarsa;
    2. Birliyin əmlakına ciddi ziyan vuran, və ya Birliyin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdikdə;
    3. mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda və ya Birliyin fəaliyyətinə Birliyə üzv olarkən vəd etdiyindən xeyli az töhfə verdikdə;
    4. Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə. 
  • Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. 
  • Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. 
  • Birliyin köməkçilərinə Birliyin fəaliyyətində iştirak etməklə, öz münasibətlərini Birlik ilə təşkilati cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə Birliyi dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslər aiddir. Köməkçilərin mövcudluğu və onların hüquqi statusu bu Nizamnamə, Ümumi Yığıncaq və İdarə Heyətinin qəbul etdiyi qərarlar, «Könüllü fəaliyyət haqqında» Azərbaycan Respublikasının Qanunu, habelə Azərbaycan Respublikasının digər müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 

 

MADDƏ 6.

BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI 

6.1.    Birliyin idarəetmə orqanlarına aşağıdakılar daxildir: 

  1. Birliyin üzvlərinin Ümumi Yığıncağı ("Ümumi Yığıncaq")
  2. Birliyin İdarə Heyəti ("İdarə Heyəti") 

6.2.    Ümumi Yığıncaq Birliyin ali idarəetmə orqanıdır.

6.3.    İdarə Heyəti Birliyin kollegial icra orqanıdır.

 

MADDƏ 7

ÜMUMİ YIĞINCAQ 

  • Birliyin ali idarəetmə orqanı ildə 1 (bir) dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır və onun əsas funksiyası Birliyin marağı naminə yarandığı məqsədlərə riayət etməkdir.
  •   Ümumi Yığıncaq Birliyin təsisçilərindən birinin, İdarə Heyətinin və ya Birliyin üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Ümumi Yığıncaqda nümayəndəlik norması Birliyin İdarə Heyəti tərəfindən həll edilir. Növbədənkənar Ümumi Yığıncaq Birliyin üzvlərinin üçdə bir hissəsinin və Birliyin İdarə Heyətinin  üzvlərinin üçdə iki hissəsinin tələbi ilə çağıra bilər.
  • Ümumi Yığıncaq Birliyin üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Yığıncağın təyin olunduğu vaxtdan bir saat keçdikdən sonra üzvlərin yarıdan çoxu iştirak etmədikdə, Ümumi Yığıncaq 30 günlük müddətdən çox olmamaqla təxirə salınır. Yenidən çağırılmış Ümumi Yığıncaqda yalnız ilkin gündəlikdə duran məsələlər həll oluna bilər.
  • Birliyin üzvlərinə Ümumi Yığıncağın keçiriləcəyi yeri və vaxtı haqqında ən azı 15 gün əvvəl məlumat verilməlidir. Bildirişdə Ümumi Yığıncağın keçiriləcəyi gün, yer və gündəlikdə əks olunan məsələlər öz əksini tapmalıdır.
  • Ümumi Yığıncağın səlahiyyətlərinə aşağıdakılar daxildir:
  1. Birliyin Nizamnaməsinin qəbul edilməsi, ona dəyişikliklər və əlavələr edilməsi;
  2. Birliyin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edilməsi;
  3. Birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;
  4. Birliyin fəaliyyət planının və illik hesabatının təsdiq edilməsi;
  5. Birliyin üzvlüyünə qəbul və üzvlükdən xaric olma qaydalarının müəyyən edilməsi;
  6. Birliyin üzvlüyündən xaric edilmə barədə şikayətlərə baxılması;
  7. Birliyin İdarə Heyətinin Prezidenti və üzvlərinin seçilməsi və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
  8. İdarə Heyətinin hesabatlarını dinləyir və müzakirə edir;
  9. Birliyin yenidən təşkili və ləğv edilməsi;
  10. Başqa təşkilatlarda iştirak.
    • Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
    • Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi və Birliyin yenidən təşkili və ləğv edilməsi ilə bağlı qərarlar iştirakçıların üçdə iki (2/3) səs çoxluğu tələb olunur.

 

MADDƏ 8

İDARƏ HEYƏTİ 

  • Ümumi Yığıncaqlar arası dövrdə Birliyin fəaliyyətinə ümumi rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti  öz fəaliyyətini  bu nizamnamə və gələcəkdə qəbul olunacaq əsasnamə  əsasında həyata keçirir.
  • İdarə Heyəti Birliyin prezidentindən və vitse-prezidentindən və üzvlərdən ibarətdir. İdarə Heyətinin prezidenti, vitse-prezident və digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 4 (dörd) il müddətinə seçilir.
  • . Prezident:
  1. Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
  2. Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
    • İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmamaq şərti ilə çağırılır. İdarə Heyətinin iclasları İdarə Heyətinin Prezidentinin və Birliyin üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
    • İdarə Heyətinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
  1. Ümumi Yığıncaqlar arası dövrdə Birliyin fəaliyyətinə ümumi rəhbərlik edir;
  2. Birliyə üzvləri qəbul edir və azad edir;
  3. Bütün seçkili orqanların vəzifəli şəxslərinin istefasını qəbul edir;
  4. Birliyin aparatının fəaliyyətinə nəzarət edir;
  5. 30 000 manat və ondan artıq məbləğdə bağlanan müqavilələrə razılıq verir;
  6. Nizamnamə pozuntusuna yol vermiş vəzifəli şəxslərin səlahiyyətlərini dayandırır;
  7. Təkliflər və layihələr irəli sürür;
  8. Birliyin büdcəsini və ştat cədvəlini təsdiq edir;
  9. Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
  10. Birliyin kənar auditinin keçirilməsi haqqında qərar qəbul edir və kənar auditoru təyin edir;
  11. Öz səlahiyyətləri həddində digər qərarlar qəbul edir;
  12. Birliyin başqa təşkilatlarda iştirakı barədə qərarların qəbul edilməsi.
  • İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. İdarə Heyətinin qərarları səs çoxluğu ilə qəbul edilir.

 

MADDƏ 9

BİRLİYİN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ 

9.1 Birlik Ümumi Yığıncağın qərarı ilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda ləğv edilə bilər. Birliyin ləğv edilməsi barədə qərar Ümumi Yığıncaq iştirakçıların üçdə iki (2/3) səs çoxluğu ilə həyata keçirilir. Birliyin ləğv edilməsi barədə Birliyin özü tərəfindən məsələ qaldırmaq Birliyin Yığıncağına məxsusdur.

9.2 Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

9.3 Birlik yalnız qanunda yol verilən hallarda və qaydada Yığıncaq iştirakçılarının üçdə iki (2/3)səs çoxluğu ilə yenidən təşkil edilə (birləşmə, qoşulma, bölünmə və ayrılma) bilər.

 

MADDƏ 10

DİGƏR ŞƏRTLƏR 

10.1     Birliyin daxili qayda və prosedurları başqa cür tələb etdiyi hallar istisna olmaqla, Birlikdən hər bir bildiriş, istək, xahiş və digər məktublaşma göndərilən ünvana yazılı formada və ünvanlanan şəxs ilə razılaşdırılan və ya ünvanlanan şəxs tərəfindən məktubun qəbul olunduğunu müəyyən etməyə imkan verən başqa bir şəkildə çatdırılır.

10.2   Birliyin fəaliyyəti ilə əlaqədar, lakin bu Nizamnamə ilə müəyyən edilməmiş digər məsələlər Ümumi Yığıncağın qəbul etdiyi qərarlarla və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

10.3   Gələcəkdə bu Nizamnamənin hər hansı müddəasi qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin tələbləri əsas götürülür.

10.4       Birliyin maliyyə ili qeydiyyata alındığı tarixdən başlayır və növbəti ilin 31 dekabr tarixində başa çatır. Növbəti maliyyə illəri 1 yanvar tarixində başlayır və 31 dekabr tarixində başa çatır.