...

Yubiley kubokunu “Neftçi” İK qazanıb


Bu gün keçirilən final oyunu ilə sayca 30-cu Azərbaycan kubokunun sahibi müəyyənləşib. Həlledici matçda cəmi 3 gün əvvəl çempionluğunu taleyini müəyyənləşdirən komandalar – “Araz-Naxçıvan” və “Neftçi” İK qarşılaşıb. Buna qədər “Neftçi” 7, “Araz-Naxçıvan” isə 6 dəfə kuboku qazanın. Oyundan əvvəl AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədliyə 55 illiyi ilə əlaqədar xatirə hədiyyəsi təqdim olunub. Hədiyyəni AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov təqdim edib. Heyətlərə gəldikdə, “Neftçi” meydana itkisiz çıxsa da, “qırmızı-ağlar” Teixeira Barbosa zədəli olduğuna görə, komandasına kömək edə bilməyib. Hesabı “Araz-Naxçıvan” açdı. Ülvi Əliyev komandasına üstünlük qazandırdı. 9-cu dəqiqədə Peruzzo fərqi 2 topa çatdırıb. 13-cü dəqiqədə isə tablodakı rəqəmlər eyniləşdi. Markus Vinicius dubl etməklə oyuna yenidən intriqa qatdı. Braziliyalı futzalçı Reznovun ötürməsindən sonra 18-ci dəqiqədə het-trik etməklə komandasını matçda ilk dəfə önə keçirdi. İkinci hissədə yenə ilk qolu “Araz-Naxçıvan” vurdu. Bu dəfə Karlos tablodakı rəqəmləri eyniləşdirdi. Tarazlıq növbəti dəfə 35-ci dəqiqədə pozuldu. Markus təyin olunan penaltini dəqiq yerinə yetirməklə “Neftçi”yə üstünlük qazandırır. Qustavo isə 38-ci dəqiqədə boş qapıya “yuvarlaq meşini” göndərməklə matçın taleyini həll etdi. Beləliklə 30-cu Azərbaycan kubokunu qazanan “Neftçi” İK bu göstəricidə vahid liderdir. “Ağ-qaralar” qazandıqları kubokların sayını 8-ə çatdırdı. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final oyununun hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Viniciusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin “Neftçi” komandasına Azərbaycan kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov təqdim ediblər.

Neftçi İK - Araz-Naxçıvan (3:2)  5:3

21 may. Bakı İdman Sarayı. Saat 16:00

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev

Ehtiyat hakim: İmran Məhərrəmov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Markus Vinicius, 12:04, 12:30, 17:29, 34:55 (pen.), Qustavo Rodrigues, 37:29  // Ülvi Əliyev, 3:59, Jean Peruzzo, 8:49, Jean Karlos, 24:20

Sarı vərəqələr: Allef Maiolli, 19:42, Emil Həsənzadə, 35:53 // Ülvi Əliyev, 11:38, Giovanny Valero, 17:42, Jean Peruzzo, 34:55

 

Neftçi İK

16. Vladislav Reznov (q), 3. Markus Vinicius, 4. Fərid Atakişiyev, 12. Allef Maiolli, 97. Lukas Ramos, 1. Kamran Hacıyev (q), 13. Əjdər Əjdərov (k), 14. Leonildo Rodriques, 8. İaqo Henrique, 9. Vahib Xocayev, 10. Nihad İsmayılov, 7. Emil Həsənzadə, 17. Qustavo Rodrigues, 19. Tofiq Əliyev

Baş məşqçi: Fuad Rzayev

 

Araz-Naxçıvan

12. Rövşən Hüseynli (q), 7. Amirhossein Rasouli, 10. Jean Peruzzo, 21. Filipe De Lima, 29. Luiggi Longo, 1. Emin Kürdov (q, k), 6. Mirzə Əmirov, 8. Ülvi Əliyev, 9. Alleks Rezende, 19. Sadiq Əlizadə, 20. Ədalət Ələkbərov, 49. Giovanny Valero, 70. Jean Karlos, 99. Elan Delon

Baş məşqçi: Yevgeni Kukseviç